top of page

Tariximiz

Azərbaycan respublikasının Elektrik Enerjisi Sisteminin İnkişaf Tarixi

1895-ci ildə Bakının Bayıl şosesində, Bakı doklarında ilk elektrik stansiyası quraşdırılmışdır. Azərbaycan Respublikasının Dövlət Tarixi Arxivinin sənədlərinə görə, elektrik enerjisi Alman istehsalı olan "Algemayne" sisteminin dinamo maşını vasitəsilə təmin edilirdi.

1898–1899-cu illərdə şəhərdə "Elektriçeskaya Sila" (Elektrik Gücü) adlı Səhmdar Cəmiyyətin Bakı filialı yaradıldı. Bu cəmiyyət öz növbəsində, 1886-cı ildə “Siemens və Halske” şirkəti tərəfindən təsis edilmiş “Elektrik İşıqlandırılması Cəmiyyəti”nin filialı idi.

1900-cü ildə “Siemens və Halske” firması Bibiheybət (Bayıl burnu) və Qara şəhərdə (indiki Ağ şəhər) ikinci elektrik stansiyasının tikintisinə başladı. 1901-ci ilin iyul ayının əvvəlində Bibiheybət elektrik stansiyası sınaqdan keçirildi və bir həftə sonra daimi istifadəyə verildi. 1902-ci ildə Qara şəhərdə yerləşən elektrik stansiyası da istismara verildi. 1903-cü ilə qədər Bakıda elektrik stansiyalarının sayı 70-ə çatmışdı.

1906-cı ilin mart ayında ilk dəfə elektrik enerjisinin ötürülməsinə başlanıldı. Qara şəhərdəki yarımstansiyadan Balaxanı neft mədənlərinə qədər 20 kV gərginlikli və 8,1 km uzunluğunda iki elektrik hava xətti çəkildi.

Növbəti inkişaf mərhələsi 1909–1920-ci illəri əhatə etdi. Balaxanı, Ramanı və Suraxanı rayonlarında 60-dan çox transformator məntəqəsi tikildi.

1920-ci ildə respublikanın ərazisində yerləşən bütün enerji müəssisələri milliləşdirildi və onların bazasında “Elektrotok” adlı yeni bir idarə yaradıldı.

Bakı Elektrik Şəbəkəsinin Yaranması və İnkişafı

1920-ci ildən etibarən, Bakı Elektrik Şəbəkəsi müxtəlif təşkilatların tərkibində fəaliyyət göstərmişdir. 1929-cu ilə qədər o, “Azneft”in “Elektrotok” idarəsinin tərkibində olmuşdur. 1929-cu ildə, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Bakı Şəhər Elektrik Şəbəkəsi (BŞEŞ) Bakı Şəhər Sovetinin tabeliyinə verilmişdir.

Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən, 1963-cü ildə Bakı Elektrik Şəbəkəsi Energetika və Elektrikləşdirmə üzrə Baş İdarənin tabeliyinə keçmişdir.

1969–2000-ci illər ərzində isə şəbəkə Bakı Şəhər İcraiyyə Komitəsinin, sonradan isə Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində fəaliyyət göstərmişdir.

İri yarımstansiyaların, istehsalat obyektlərinin və elektrik xətlərinin genişmiqyaslı tikintisi yalnız 1970-ci illərdən etibarən başlamışdır. Bu təşəbbüs o dövrdə respublikaya yeni təyin olunmuş rəhbər – ümummilli lider Heydər Əliyev tərəfindən irəli sürülmüşdür.

“Bakıelektrikşəbəkə”nin Yaradılması və “Azərişıq” ASC-yə Keçid

Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2000-ci il tarixli sərəncamı ilə paytaxtın elektrik şəbəkəsinin fəaliyyətinin yaxşılaşdırılması və şəhərin elektrik enerjisi ilə daha etibarlı təmin olunması məqsədilə “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.

2002-ci il 2 yanvar tarixindən 2006-cı il 3 iyul tarixinədək bu cəmiyyətin idarə olunması Türkiyənin “Barmek Holding A.Ş.” şirkətinə verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2006-cı il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin fəaliyyəti bərpa olunmuş və abadlaşdırma və investisiya işlərinin aparılması məqsədilə Prezidentin ehtiyat fondundan maliyyə dəstəyi ayrılmışdır.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkəmizin digər sahələri kimi, energetika sahəsinə də hər zaman xüsusi diqqət və qayğı göstərmişdir.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2015-ci il tarixli sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC adlandırılmış və Azərbaycan Respublikası ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təmin olunması vəzifəsi bu quruma həvalə edilmişdir.

bottom of page